Azərbaycanın milli qəhrəmanı Albert Ağarunovun doğum günü








Xatirə günü münasibətilə Magen David Azerbaijan Bakı şəhər Dağ yəhudiləri dini icmasının nümayəndələri, Tankçı veteranları ictimai birliyi, İsrailin Azərbaycandakı Səfirliyinin əməkdaşları və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Ağarunovun şərəfinə ucaldılmış abidəyə gülqoyma mərasimi təşkil edib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətənin oğullarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Qeyd olunub ki, əsrlərdir dostluq və qardaşlıq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri azərbaycanlılarla çiyin-çiyinə hər iki Qarabağ müharibəsində qəhrəmanlıq göstəriblər. Belə qəhrəman oğullardan biri də Şuşa uğrunda döyüşlərdə həyatını fəda etmiş və əfsanə kimi tarixə düşmüş yəhudi xalqının nümayəndəsi Albert Ağarunov olub. Azərbaycan xalqı onun nurlu xatirəsini böyük hörmətlə yad edir.
Vurğulanıb ki, Vətənin qəhrəman oğullarının ədalətli mübarizəsi Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə ilə başa çatıb. Albert Ağarunov kimi oğulların sona çatdıra bilmədiyi missiyanı onların qəhrəman davamçıları həyata keçirərək torpaqları Vətənə qaytarıb və tarixi ədaləti bərpa ediblər.
Tankçı veteranları ictimai birliyinin sədri Hacı Əzimovun, general-mayor Elman Orucovun və digər iştirakçıların çıxışlarında vurğulanıb ki, gənclərdə vətənpərvərlik ruhunun aşılanması və şəhid qəhrəmanlarımızın şücaətlərinin təbliği xüsusi əhəmiyyət daşıyır. Azərbaycan haqlı olaraq dünyada dini və mədəni müxtəlifliyin harmoniyada yaşadığı nadir dövlətlərdən biri hesab olunur.
Albert Ağarunovun döyüş yoldaşları onu “Şuşanın Əfsanəsi” adlandırırdılar. Cəsarəti və şücaəti ilə tanınmış gənc tankçı 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanmış və Şuşa, Daşaltı, Cəmilli uğrunda şiddətli döyüşlərdə iştirak etmişdir. 1992-ci il mayın 8-də, cəmi 23 yaşında, Şuşanı müdafiə edərkən qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Prezidentinin 1992-ci il iyunun 7-də imzaladığı Fərmanla Albert Ağarunova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. O, yalnız yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğlu kimi yaddaşlarda qalacaq və hər iki xalqın qəlbində əbədi yaşayacaq.
Mərasimin sonunda iştirakçılar qəhrəmanın xatirəsini Şəhidlər xiyabanındakı məzarı önündə yad ediblər.
Bu gün Bakının Nərimanov rayonunda küçələrdən biri Albert Ağarunovun adını daşıyır. Bundan əlavə, Dağ yəhudiləri dini icması və “Dədə Qorqud” Milli Fondu tərəfindən birgə layihə çərçivəsində Albert Ağarunov mükafatı təsis olunub.
Tədbirdən video süjet
Azərbaycanın Milli Qəhrəmanı Albert Ağarunovun (25 aprel 1969-cu il) doğum günü münasibətilə Magen David Azerbaijan tərəfindən təşkil olunan təntənəli tədbirdən süjet. İştirakçılar onun xatirəsini ehtiramla yad edib, qəhrəmanlıq yolunu və Vətən tarixində göstərdiyi şücaətin əhəmiyyətini vurğuladılar.

Tədbirdən şəkillər








