Azərbaycanın Zəfər Günü — qəhrəmanlıq və birliyin rəmzi

8 noyabrda Azərbaycanda Zəfər Günü qeyd olunur — bu, Azərbaycan Ordusunun qəhrəmanlığını, Prezident İlham Əliyevin müdrik rəhbərliyini və şəhidlərimizin əziz xatirəsini əks etdirən tarixi səhifədir.

7/11/20242 dəqiqə oxu

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik və böyük qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızı, o cümlədən Dağlıq Qarabağı azad etdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Uzun illər beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin himayəsi altında olan işğalçı Ermənistan, Azərbaycanın Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında baş əydi. Bu unudulmaz Qələbənin baş sərkərdəsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman Azərbaycan Ordusudur.

Bu tarixi Qələbə həm də inkişaf yolunun nəticəsidir ki, onun memarı ümummilli lider Heydər Əliyev olmuşdur, Prezident cənab İlham Əliyev isə onun ideyalarını ölkəmizin bütün sahələrində, xüsusilə müasir ordunun qurulması istiqamətində uğurla həyata keçirmişdir. Vətən müharibəsində əldə edilən Böyük Qələbə tariximizin ən parlaq və müqəddəs səhifəsidir.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bu tarixi Qələbənin nailiyyətlərini qoruyacaq və şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə xalqımızın qüdrət bayramına, milli qürur rəmzinə çevrilmiş bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Biz Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq arzulayırıq!

Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb.

Qələbə mübarək, Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Yaşasın Qəhrəman Azərbaycan Ordusu!
Qarabağ — Azərbaycandır!